ABŞ Prezidenti Donald Trampın yaxın tərəfdarı və sponsorlarından biri olan milyarder investor Pol Singer borclar qarşılığında Böyük Britaniyanın ən iri su təchizatı şirkəti “Thames Water” üzərində nəzarəti ələ keçirə bilər.Şirkətin borcu artıq 17,6 milyard funt sterlinqə çatıb.
“GDP Media” xəbər verir ki, hazırda Böyük Britaniya hökuməti və kreditorlar şirkətin iflasının qarşısını almaq üçün restrukturizasiya variantlarını müzakirə edir.Əsas kreditorlardan biri “Elliott Investment Management” hedc fondudur. Fond “Silver Point Capital”, “BlackRock” və “M&G” ilə birlikdə “London & Valley Water” konsorsiumunda təmsil olunur və restrukturizasiya vasitəsilə “Thames Water”a nəzarəti əldə etməyə çalışır.
81 yaşlı Pol Singer sərt borc toplama üsulları ilə tanınır. Daha əvvəl onun fondu Argentinanın borclarını ödəməməsi səbəbindən bu ölkənin hərbi gəmisinin həbsinə nail olmuşdu. “Elliott” fondu həmçinin Argentinanın borc böhranını daha da dərinləşdirməkdə ittiham olunub.
Pol Singer Trampı dəstəkləyən “Make America Great Again Inc” superkomitəsinə 5 milyon dollar ianə edib. O, 2024-cü ildə Trampın müttəfiqlərinə və Respublikaçılar Partiyasına dəstək məqsədilə on milyonlarla dollar vəsait ayırıb.Leyboristlər Partiyasının deputatı Clive Lewis “Thames Water”ın “Elliott Management”a keçə biləcəyini “canavarlara ət atmaq” kimi qiymətləndirib və fond nümayəndələrini “kapitalist leşyeyənlər” adlandırıb.
Böyük Britaniyada siyasi qeyri-müəyyənlik də vəziyyəti çətinləşdirir. Mançester meri və gələcək baş nazir namizədlərindən biri hesab olunan Erni Burman su şirkətlərinin yenidən dövlət nəzarətinə qaytarılmasını dəstəkləyir.Ölkənin maliyyə naziri Reyçel Rivz isə şirkətə xüsusi xarici idarəetmənin tətbiqinə qarşı çıxır.
Hazırda vətəndaşların su ödənişlərinin hər üç funtundan biri şirkətin borclarının xidmətinə yönəlir. Məlumata görə, “Thames Water”ın maliyyə resursları 2026-cı ilin noyabrında tam tükənə bilər.


