Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur.
“GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub.
Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib.
Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb.
Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir.
O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb.
Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.


