Yeni əməkhaqqı modeli: maaşlar necə hesablanacaq?

Azərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi gündəmə gəlib. Belə ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Sazişə əsasən, tərəflər minimum əməkhaqqının mərhələli artırılması, onun orta aylıq əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, həmçinin minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərin təsdiqlənməsi istiqamətində fəaliyyət göstərəcəklər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq əmək rejimi hazırda əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.

Onun sözlərinə görə, bu sistem əməkhaqqının işlənilən saata uyğun hesablanmasını və əməkdaşın gördüyü işə uyğun ödəniş almasını nəzərdə tutur.

“Əməkhaqqı saatlıq əsasda hesablanır, ödəniş isə ayda bir, iki, bəzi hallarda isə üç dəfə həyata keçirilə bilər. Lakin praktikada daha çox ayda bir və ya iki dəfə ödəniş tətbiq olunur.

Bu mexanizm üzrə nəzarət sistemi də formalaşdırılacaq. Çünki əmək müqavilələri artıq saatlıq əməkhaqqı modelinə uyğun tərtib ediləcək. Nəzərə alsaq ki, əmək müqavilələri elektron qaydada bağlanır, elektron sistemdə də saatlıq iş rejimi ayrıca nəzərə alınacaq. Müqavilələr bu əsasda hazırlanacaq, imzalanacaq və elektron bazaya daxil ediləcək”.

Deputat həmçinin vurğulayıb ki, saatlıq əməkhaqqı sistemi eyni zamanda vətəndaşlara bir neçə yerdə işləmək imkanı yaradır:

“Bu isə xüsusilə yarımştat çalışan və ya paralel olaraq müxtəlif iş yerlərində fəaliyyət göstərən şəxslərin gəlirlərinin artmasına şərait yarada bilər.

Bu model əmək bazarı üçün yenilik hesab olunur. Onun əsas üstünlüklərindən biri də məşğulluğun rəsmiləşdirilməsinin genişlənməsinə töhfə verməsidir. Çünki bəzi hallarda vətəndaşlar ikinci iş yerində fəaliyyət göstərsələr də, həmin əmək münasibətləri rəsmiləşdirilmir. Saatlıq minimum əməkhaqqı mexanizmi isə bu fəaliyyətlərin də hüquqi çərçivəyə salınmasına imkan yarada bilər”.

V.Bayramov onu da əlavə edib ki, bu mexanizmin tətbiqi nəticəsində qeyri-rəsmi məşğulluğun azalacağı gözlənilir:

“Bu, həm əmək bazarının leqallaşdırılması, həm də məşğulluq sisteminin daha şəffaf şəkildə formalaşdırılması baxımından mühüm addım hesab olunur. Bu eyni zamanda qeyri-leqal məşğulluğa qarşı mübarizə və əmək bazarında aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər”, – deyə deputa fikrini tamamlayıb.

  • Əlaqədar Yazılar

    Sahil Babayev: “Neft Fondundan transfertlər 300 milyon manat azalıb”
    • May 26, 2026

    Azərbaycanın maliyyə naziri Sahil Babayev bildirib ki, cari ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 13,6 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 100 milyon manat çoxdur. “GDP Media”xəbər verir ki, AZƏRTAC və AzTV-yə eksklüziv müsahibəsində nazir qeyd edib ki, həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoz göstəricilərinin üstələnməsi müşahidə olunub. Sahil Babayev vurğulayıb ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində mühüm nəticələr əldə edilib. Onun sözlərinə görə, cari ilin ilk dörd ayında Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 300 milyon manat azalıb. Nazir bildirib ki, Neft Fondundan transfertlərin azaldılması hökumətin əsas fiskal prioritetlərindən biridir və bu istiqamətdə əldə olunan nəticələr müsbət tendensiyanın göstəricisidir. O əlavə edib ki, icmal büdcənin gəlirləri təxminən 16 milyard manat, xərcləri isə 12 milyard manat təşkil edib. İcmal büdcədə yaranan profisitin əsas hissəsi Dövlət Neft Fondunun gəlirlərindən formalaşıb. Sahil Babayev qeyd edib ki, büdcə göstəricilərinin uğurlu icrası Azərbaycanın makrofiskal sabitliyini və maliyyə dayanıqlılığını bir daha təsdiqləyir.

    davamı
    “Expressbank” səhmdarlarına 11 milyon manata yaxın dividend ödəyib
    • May 26, 2026

    “Expressbank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib. “GDP Media” bu barədə Banka istinadən xəbər verir.Məlumata görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

    davamı