Bakıda enerji, tranzit və logistika sahələri üzrə beynəlxalq sərgilər keçirilir

Bakıda enerji, nəqliyyat və logistika sahələrinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan “Baku Energy Week” öz işinə başlayıb.

“GDP Media” xəbər verir ki, tədbir enerji sektorunun aparıcı şirkətlərini, dövlət qurumlarını və beynəlxalq ekspertləri bir araya gətirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edərək tədbir iştirakçıları qarşısında çıxış edib.

Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” təşkil olunur. Bu il sərgidə dünyanın 45 ölkəsindən 275 şirkət iştirak edir.

Eyni zamanda, 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “TransLogistica Caspian” 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçirilir.

Sərgilərdə enerji, nəqliyyat, tranzit və logistika sahələrində tətbiq olunan ən son texnologiyalar, innovativ həllər və müasir yanaşmalar nümayiş etdirilir.

Təşkilatçılar iştirakçıları və ziyarətçiləri Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgilərini ziyarət etməyə dəvət edirlər.

  • Əlaqədar Yazılar

    SoftBank kapitallaşmaya görə Toyota Motor Corporation-ı geridə qoydu
    • İyun 1, 2026

    SoftBank Group kapitallaşma həcminə görə Toyota Motor Corporation şirkətini geridə qoyaraq Yaponiyanın ən böyük şirkətinə çevrilib. “GDP Media” xəbər verir ki, investisiya və texnologiya sahəsində fəaliyyət göstərən SoftBank-ın səhmləri bazar ertəsi keçirilən hərracların yekununda 14% bahalaşaraq tarixi maksimum səviyyəyə yüksəlib. Eyni zamanda, Toyota-nın səhmləri 4,5% dəyər itirib. Nəticədə SoftBank-ın bazar dəyəri 47,2 trilyon yenə (296 milyard dollar) çatıb. Toyota-nın kapitallaşması isə 45,7 trilyon yenə qədər geriləyib. Qeyd edək ki, Toyota son 20 ildən artıq müddətdə Yaponiyanın bazar dəyərinə görə ən böyük şirkəti statusunu qoruyurdu. Lakin süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə marağın artması SoftBank səhmlərinə tələbi əhəmiyyətli dərəcədə artırıb. Şirkətin OpenAI-a, o cümlədən ChatGPT platformasının yaradıcısına iri investor olması da səhmlərin bahalaşmasına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Məlumata görə, SoftBank səhmlərinin qiyməti cari ilin əvvəlindən etibarən demək olar ki, iki dəfə artıb.

    davamı
    Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib
    • İyun 1, 2026

    Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib. “GDP Media” xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denys Shmyhal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə birgə layihələr vasitəsilə etibarlı enerji resursları tədarükçüsü kimi mövqeyini daha da gücləndirə bilər. “Ukrayna artıq yenilənmiş Avropa qaz xəritəsinin bir hissəsinə çevrilib. Xüsusilə də Xəzər qazının enerji çatışmazlığı yaşayan Avropa regionlarına çatdırılmasına imkan verən Trans-Balkan marşrutu bu baxımdan mühüm əhəmiyyət daşıyır”, — deyə o qeyd edib. Şmıqal vurğulayıb ki, Ukrayna ümumi tutumu təxminən 30 milyard kubmetr olan və Avropanın ən böyük yeraltı qaz anbarlarına malikdir. Onun sözlərinə görə, bu infrastruktur regional mövsümi tampon funksiyasını yerinə yetirə, enerji təchizatında balanslaşdırıcı mexanizm rolunu oynaya və yeni enerji təchizatı arxitekturasının mühüm elementi ola bilər. Nazir əlavə edib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan etibarlı enerji tədarükçüsü kimi nüfuzunu möhkəmləndirəcək, Ukrayna əsas tranzit və xidmət habı statusunu gücləndirəcək, Avropa isə alternativ və sabit enerji mənbələri əldə edəcək.

    davamı