Bakıda enerji, nəqliyyat və logistika sahələrinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan “Baku Energy Week” öz işinə başlayıb.
“GDP Media” xəbər verir ki, tədbir enerji sektorunun aparıcı şirkətlərini, dövlət qurumlarını və beynəlxalq ekspertləri bir araya gətirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edərək tədbir iştirakçıları qarşısında çıxış edib.
Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” təşkil olunur. Bu il sərgidə dünyanın 45 ölkəsindən 275 şirkət iştirak edir.
Eyni zamanda, 1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “TransLogistica Caspian” 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçirilir.
Sərgilərdə enerji, nəqliyyat, tranzit və logistika sahələrində tətbiq olunan ən son texnologiyalar, innovativ həllər və müasir yanaşmalar nümayiş etdirilir.
Təşkilatçılar iştirakçıları və ziyarətçiləri Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgilərini ziyarət etməyə dəvət edirlər.

