Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı və yerli istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Naxçıvan Tikiş” ASC və “Pozitif” MMC-nin birgə fəaliyyəti nəticəsində Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb.
Müəssisənin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, eləcə də dövlət qurumlarının nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Kazım Hüseynəliyev, Fərid Bağırzadə və Asip Kaya son illərdə Naxçıvanda özəl sektorun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və ixracyönümlü yerli istehsalın təşviqi istiqamətində görülən işlərdən bəhs ediblər. Dövlət başçısının Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafına göstərdiyi diqqətin növbəti nümunəsi olaraq 1 yanvar 2026-cı ildən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştlərinin önəmi xüsusilə vurğulanıb və sahibkarların yaradılan bu əlverişli imkanlardan istifadə edərək fəaliyyətlərini genişləndirdikləri, eyni zamanda yeni istehsal və xidmət sahələri yaratdıqları ifadə olunub. Bildirilib ki, tekstil sahəsində yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması iqtisadi fəallığın artırılması, əhalinin məşğulluğunun təmin edilməsi və yerli məhsulların bazardakı payının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Yeni fabrik, həmçinin, Naxçıvanda qadınların məşğulluğunun artırılmasına imkan yaradır. Çıxışlarda müəssisənin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, fabrikin muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfələr verəcəyinə əminlik ifadə olunub.


