Volkswagen 2026-cı ilin sonunadək 19 min əməkdaşını ixtisar etməyi planlaşdırır.
“GDP Media” xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Almaniyanın aparıcı avtomobil istehsalçısı olan Volkswagen növbəti genişmiqyaslı ixtisar proqramını həyata keçirməyə hazırlaşır. Şirkətin baş icraçı direktoru Oliver Blumenun bu planı yaxın günlərdə keçiriləcək illik səhmdarlar toplantısında açıqlayacağı gözlənilir.
Agentliyin məlumatına əsasən, ixtisarların 2026-cı ilin sonunadək mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Son illərdə şirkət artan rəqabət, elektromobil bazarındakı dəyişikliklər və istehsal xərclərinin yüksəlməsi fonunda ciddi təzyiqlərlə üzləşib. Bu vəziyyət Volkswagen-in bazar dəyərinə də təsir göstərib. Belə ki, şirkətin səhmləri son beş ildə təxminən 70 faiz dəyər itirərək Almaniya fond bazarının ən zəif nəticə göstərən iri şirkətlərindən birinə çevrilib.
Analitiklər hesab edirlər ki, planlaşdırılan ixtisarlar xərclərin optimallaşdırılması və şirkətin rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır.



