Yusif Abdullayev: “Azərbaycan beynəlxalq ticarət və investisiya fəallığı mərkəzi olmaq istəyir”

Azərbaycan regional inteqrasiyanı və iqtisadi tərəfdaşlığı davamlı və uzunmüddətli inkişafın əsas şərtlərindən biri kimi qiymətləndirir.

GDP Media xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində təşkil olunmuş “Regional rifah naminə ticarət və investisiya sahəsində risklərin azaldılması” mövzusunda panel müzakirədə bildirib.

“Ölkəmiz energetika və nəqliyyat sahələrində strateji qovşaq statusunu təmin edib. Bundan başqa, biz beynəlxalq ticarət və investisiya fəallığı mərkəzinə çevrilməyi hədəfləyirik. İnfrastruktura böyük məbləğdə sərmayə qoyuluşu və ardıcıl iqtisadi islahatlar sayəsində “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri boyunca bazarların birləşməsində rolumuzu gücləndirərək mal və xidmətlərin sərbəst hərəkətinə töhfə vermişik. Xüsusilə 2020-2025-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri 2 dəfədən çox artaraq 24,5 milyard ABŞ dollarından 49,4 milyard ABŞ dollarına çatıb”, – Y.Abdullayev vurğulayıb.

AZPROMO rəhbəri qeyd edib ki, Azərbaycan eyni zamanda məqsədyönlü şəkildə milli iqtisadiyyatın şaxələndirilməsi kursunu həyata keçirir.

“Energetika sahəsinin hələ də iqtisadiyyatımızın mühüm sütunu olmasına baxmayaraq, ölkənin strateji baxışı karbohidrogen sektorunun hüdudlarından çox kənara çıxır: biz gələcəkdə davamlı artımı müəyyən edəcək və sürətləndirəcək prioritet istiqamətlərdə yerli və xarici investorlar üçün yeni perspektivlər formalaşdırırıq”, – icraçı direktor əlavə edib.

  • Əlaqədar Yazılar

    Rəhman Hümmətov: “Orta Dəhlizin potensialı rəqəmsal əlaqələndirmə olmadan reallaşa bilməz”
    • İyun 19, 2026

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirələrində…

    Davamı oxu
    AZAL-ın bu uçuşları ləğv olundu
    • İyun 18, 2026

    Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293…

    Davamı oxu