İranın Mehr agentliyi ABŞ-la 14 bəndlik sülh memorandumu layihəsini açıqlayıb

İranın rəsmi Mehr agentliyi ABŞ ilə imzalanması nəzərdə tutulan sülh memorandumunun layihəsini dərc edib. 14 bənddən ibarət sənəddə müharibənin dərhal dayandırılması, sanksiyaların qaldırılması, İranın maliyyə vəsaitlərinin azad edilməsi və geniş iqtisadi bərpa planı nəzərdə tutulur.

“GDP Media” xəbər verir ki,layihəyə əsasən, Livanda da daxil olmaqla, bütün cəbhələrdə tam və dərhal atəşkəs elan edilməli, ABŞ İranın daxili işlərinə qarışmamağa və suverenliyə hörmət etməyə söz verməlidir. Həmçinin 30 gün ərzində dəniz blokadası tamamilə ləğv edilməli, Hürmüz boğazının fəaliyyəti bərpa olunmalıdır.

Memorandumda ABŞ-ın İranla həmsərhəd ərazilərdən qoşunlarını çıxaracağı, neft, neft-kimya məhsulları və törəmələrinin satışına qoyulmuş sanksiyaları dayandıracağı, İranın maliyyə resurslarına tam girişini təmin edəcəyi bildirilir. ABŞ və müttəfiqləri İranın bərpası üçün ən azı 300 milyard dollar dəyərində plan təqdim etməlidirlər.

Sənədin nüvə bağlı maddələrində İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiq qalacağı və nüvə silahı istehsalından imtina edəcəyi vurğulanır. 60 gün ərzində yekun razılığa gəlinməsi, bütün sanksiyaların, BMT Təhlükəsizlik Şurası və ATƏA qətnamələrinin ləğv edilməsi nəzərdə tutulur.

İranın 24 milyard dollar bloklanmış vəsaitinin 60 günlük yekun danışıqlar dövründə azad edilməsi, bunun yarısının isə danışıqlar başlamazdan əvvəl İrana verilməsi tələb olunur. Yekun razılıq BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir.

İran Xarici İşlər Nazirliyi mətnin ilkin xarakter daşıdığını bildirib. Memorandum layihəsinin dərcindən sonra neft qiymətlərində aşağı istiqamətli hərəkət müşahidə olunub.

  • Əlaqədar Yazılar

    BƏƏ İrana 10 milyard dollar dondurulmuş neft gəlirini qaytarır
    • İyun 12, 2026

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana 10 milyard dollar dondurulmuş neft gəlirini qaytarır. “GDP Media” Reuters-ə istinadla xəbər verir ki, Birləşmiş…

    Davamı oxu
    “Facebook”, “Instagram” və “WhatsApp”ın işindəki nasazlıq aradan qaldırılıb
    • İyun 12, 2026

    “Facebook”, “Instagram” və “WhatsApp”ın işindəki nasazlıq aradan qaldırılıb. “GDP Media” xəbər verir ki, “Facebook” və “Instagram” sosial şəbəkələrində, həmçinin “WhatsApp”ın…

    Davamı oxu