SOCAR vitse-prezidenti: “Yaşıl hidrogen” layihələrinin hələ müsbət texniki-iqtisadi əsaslandırması yoxdur, lakin işlər davam edir

Azərbaycan ortamüddətli perspektivdə enerji portfelini aşağı karbonlu molekullarla – “yaşıl hidrogen” və “yaşıl ammonyak”la tamamlamağı nəzərdə tutur. Lakin pilot layihələr üzrə texniki-iqtisadi əsaslandırmalarda (TİƏ) hələ müsbət nəticə əldə olunmayıb. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunmuş Azərbaycanın investisiya perspektivləri üzrə forumda çıxışı zamanı bildirib.

“GDP Media”nın məlumatına görə, Ə.İsayev vurğulayıb ki, yaşıl hidrogen və ammonyak layihələrinin iqtisadi məqsədəuyğunluğunu təmin etmək üçün əhəmiyyətli miqyas effekti tələb olunur: “Hələ ki biz burada iştirak edən bəzi həmkarlarımıza məlum olduğu kimi, nəzərdə tutulan pilot layihələrin texniki-iqtisadi əsaslandırmalarında müsbət nəticələr əldə edə bilməmişik. Çünki onların iqtisadi məqsədəuyğunluğunu təmin etmək üçün əhəmiyyətli miqyas effekti tələb olunur. Ancaq biz bu istiqamətdə işləri davam etdiririk.”

SOCAR-ın vitse-prezidenti həmçinin Azərbaycanın 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 30 %-ə çatdırmaq strategiyasını xatırladıb. O, hazırkı irəliləyişlərə əsaslanaraq bu hədəfin üstələnəcəyini proqnozlaşdırıb: “Hazırda qeydə aldığımız bütün irəliləyişlərə və layihələrin icra statusu haqqında bütün aktual məlumatlara əsaslanaraq, belə bir təəssürat yaranır ki, biz faktiki olaraq bu hədəf göstəricisini üstələyəcəyik. Söhbət artıq 34 %-dən, ehtimal ki, 38 %-ə qədər olan diapazondan gedir.”

Əfqan İsayev qeyd edib ki, Azərbaycan etibarlı neft və qaz ixracatçısı rolundan imtina etmək niyyətində deyil: “Biz sadəcə mövcud əsasın üzərində yeni elementlər qururuq. Bizim üçün bu, ideoloji transformasiya deyil. Bu bir iqtisadi imkandır.”

Vitse-prezidentin sözlərinə görə, bərpa olunan enerji üzrə nə qədər çox güc və obyektlər istismara verilsə, bir o qədər çox təbii qaz sərbəstləşəcək və həm regional, həm də Avropa bazarlarına yönəldilə biləcək. O, həmçinin beynəlxalq maliyyə qurumlarından əlavə maliyyə dəstəyinə ümid etdiyini vurğulayıb.

  • Əlaqədar Yazılar

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib
    • İyun 23, 2026

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından…

    Davamı oxu
    Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
    • İyun 23, 2026

    Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər…

    Davamı oxu