SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.
GDP Media xəbər verir ki, tədbir çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SOCAR-ın prezidenti Rövşən Nəcəfi, bp şirkətinin baş vitse-prezidenti Ariel Floresi və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib.
Görüşdə Rövşən Nəcəf dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Şavkat Mirziyoyev isə salamlarına görə minnətdarlığını bildirərək, öz salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.Sərgi-konfrans çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bp rəhbərləri ilə birlikdə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə üçtərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Özbəkistan prezidentlərinin müəyyənləşdirdiyi uzaqgörən siyasətə uyğun olaraq “Üstyurt” layihəsinin uğurla həyata keçirildiyi vurğulanıb. Tərəflər “Üstyurt” investisiya blokları üzrə kəşfiyyat, işlənmə və hasilat fəaliyyətlərinin icrası, habelə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.Üçtərəfli görüşlərdən sonra bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.
Bundan başqa, Rövşən Nəcəf “MOL Group” şirkətinin icraçı vitse-prezidenti Zsombor Marton ilə görüşündə şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edib, birgə həyata keçirilən layihələrin icra vəziyyətini nəzərdən keçirib.SOCAR-ın prezidenti OGU-2026 sərgisi ilə də tanış olub. SOCAR sərgidə öz pavilyonu ilə təmsil olunur. Stenddə şirkətin müxtəlif fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən əməliyyatlar, neft və qaz boru kəmərləri sistemi, yaşıl enerji təşəbbüsləri, rəqəmsal həllər və digər strateji layihələr haqqında məlumatlar ziyarətçilərə təqdim olunur.
Qeyd edək ki, SOCAR-ın pavilyonu OGU-2026 beynəlxalq sərgisində “Ən Yaxşı Milli Stend Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb.


