Mayın 2-də Qubada “Regional biznesin inkişafı və rəqəmsallaşma” Sammiti baş tutacaq.
GDP Media xəbər verir ki, tədbirin əsas məqsədi ölkənin şimal-şərq regionunun iqtisadi potensialının artırılması, yerli sahibkarların dəstəklənməsi və rəqəmsal transformasiyanın təşviq edilməsidir.
Sammit MÜSİAD Azerbaijan, TECHERA və “Quba Sahibkarlarına Dəstək” platformasının (QİAD) birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Fintech Assosiasiyasının və ADPU-nun Quba filialının rəsmi tərəfdaşlığı ilə reallaşacaq.
Tədbir çərçivəsində “Regional Expo” sərgisi və B2B görüşləri təşkil olunacaq. Bu platformalar vasitəsilə 100-dən çox müəssisə arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına şərait yaradılacaq.
Sammitin xüsusi bölməsi olan “Texnologiya və rəqəmsal zona”da iştirakçılara İT həlləri, elektron ticarət layihələri və istehsalın avtomatlaşdırılması alətləri nümayiş etdiriləcək. Maliyyə resurslarına əlçatanlığı artırmaq məqsədilə sahibkarlara güzəştli kreditləşmə və mikrobiznesin dəstəklənməsi proqramları barədə geniş məlumat veriləcək.
Bundan əlavə, sammitin proqramına gənc mütəxəssislər və sahibkarlar üçün xüsusi mentor sessiyaları daxil edilib. Həmin sessiyalarda təcrübəli mütəxəssislər tərəfindən praktiki biliklərin ötürülməsi nəzərdə tutulur.
Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://shorturl.at/19YCl


