2025-ci il ərzində Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin uzunmüddətli aktivləri 2024-cü ilin sonunda 114,1 milyon manat təşkil etmişdirsə, 2025-ci ilin sonunda bu rəqəm cəmi 16,3 milyon manata enmişdir. Azalma 97,8 milyon manat, yəni 85,7 faiz olmuşdur. Bu azalmanın əsas səbəbi uzunmüddətli portfeldə saxlanılan borc qiymətli kağızlarının tam ləğv edilməsidir. Həmin qalıq 2024-cü ildə 96,6 milyon manat olmuş, 2025-ci ildə isə sıfıra endirilmişdir. Agentlik bu vəsaitləri daha qısa müddətli maliyyə alətlərinə yönəltməyi məqsədəuyğun hesab etmişdir. Əsas vəsaitlər və qeyri-maddi aktivlər isə 17,5 milyon manatdan 16,3 milyon manata düşmüş, yəni 1,2 milyon manat, 6,8 faiz azalmışdır. Bu azalma illik köhnəlmə və amortizasiya xərclərinin nəticəsidir ki, 2025-ci ildə həmin xərclər 1,65 milyon manat olmuş, 2024-cü ildəki 197 min manata nisbətən kəskin artmışdır.
Qısamüddətli aktivlər ümumilikdə 403,3 milyon manatdan 409,8 milyon manata yüksəlmiş, 6,5 milyon manat, yəni 1,6 faiz artmışdır. Lakin bu ümumi rəqəmin arxasında bir sıra fərqli istiqamətli dəyişikliklər gizlənir.
Pul vəsaitləri və onların ekvivalentləri 118,1 milyon manatdan 128,6 milyon manata çatmış, 10,5 milyon manat artaraq 8,9 faizlik artım qeydə alınmışdır. Bu artım investisiya fəaliyyətindən daxil olan xalis pul vəsaitlərinin güclü olması ilə izah edilir. Xüsusilə verilmiş kreditlərdən 70 milyon manat geri daxil olması və depozitlər üzrə 100 milyon manatın geri götürülməsi pul vəsaitlərini əhəmiyyətli dərəcədə artırmışdır.
Borc qiymətli kağızlarına investisiyalar qısamüddətli portfeldə yenidən meydana çıxmışdır. 2024-cü ildə bu qələm sıfır olduğu halda, 2025-ci ildə 98,3 milyon manat həcmində qısamüddətli borc qiymətli kağızları portfeli formalaşdırılmışdır. Bu, uzunmüddətli qiymətli kağızların ləğvi ilə bilavasitə əlaqəlidir və Agentliyin investisiya strategiyasını uzunmüddətlidən qısamüddətliyə doğru köklü şəkildə dəyişdirdiyini göstərir.
Banklarda yerləşdirilmiş depozitlər 2024-cü ildə 105,5 milyon manat olmuş, 2025-ci ildə isə tam şəkildə geri çəkilərək sıfıra endirilmişdir. Bu vəsaitin bir hissəsi yeni qısamüddətli qiymətli kağız portfelinə, bir hissəsi isə birbaşa pul vəsaitlərinin artırılmasına yönəldilmişdir.
Verilmiş kreditlər 63,8 milyon manatdan 37,2 milyon manata düşmüş, 26,6 milyon manat, yəni 41,7 faiz azalmışdır. Pul vəsaitlərinin hərəkəti hesabatına görə, 2025-ci ildə yeni 45 milyon manat kredit verilmiş, eyni zamanda əvvəlki kreditlər üzrə 70 milyon manat geri daxil olmuşdur. Beləliklə, kredit portfelinin xalis azalması 25 milyon manat təşkil etmişdir.
Digər aktivlər 115,9 milyon manatdan 145,7 milyon manata yüksəlmiş, 29,8 milyon manat, 25,7 faiz artmışdır. Pul vəsaitlərinin hərəkəti hesabatında qeyd edilən digər aktivlərə 28,9 milyon manat artım bu dəyişikliyin əsas mənbəyini təşkil edir. Bu artımın içərisində yığılmış faiz gəlirləri, avanslar və digər debitor borcları ola bilər.
Bütün bu dəyişikliklərin nəticəsində cəmi aktivlər 517,4 milyon manatdan 426,1 milyon manata enmiş, 91,3 milyon manat, yəni 17,6 faiz azalmışdır. Bu azalma görünüşdə narahatedici görünsə də, mahiyyətcə Agentliyin vəsaitlərini MIDA MMC-yə köçürməsi, öhdəliklərini ödəməsi və investisiya strukturunu dəyişdirməsi kimi idarə oluna bilən qərarların nəticəsidir.
Nizamnamə kapitalı 2024-cü ildə olduğu kimi 2025-ci ildə də 100 milyon manat olaraq sabit qalmışdır. Dövlət büdcəsindən ayırmalar isə 344,6 milyon manatdan 289,1 milyon manata düşmüş, 55,5 milyon manat, yəni 16,1 faiz azalmışdır. Bunun səbəbi 2025-ci ildə dövlət büdcəsindən əlavə investisiya qoyuluşunun olmaması və eyni zamanda “MİDA” MMC-yə 55,5 milyon manat köçürülməsidir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2024-cü ildə dövlət büdcəsindən 179 milyon manat əlavə investisiya alınmış, eyni zamanda “MİDA” MMC-yə 120,1 milyon manat köçürülmüşdür. Bölüşdürülməmiş mənfəət 34,1 milyon manatdan 35,4 milyon manata yüksəlmiş, 1,3 milyon manat, yəni 3,8 faiz artmışdır. Bu artım 2025-ci il üzrə əldə edilmiş xalis ümumi gəlirin birbaşa nəticəsidir. Nəticədə cəmi kapital 478,6 milyon manatdan 424,4 milyon manata enmiş, 54,2 milyon manat, yəni 11,3 faiz azalmışdır.
Öhdəliklər bölməsindəki dəyişikliklər 2025-ci ilin ən diqqətçəkən nailiyyətlərindən biri kimi qiymətləndirilə bilər. Ticarət və digər kreditor borcları 35,1 milyon manatdan 310 min manata enmişdir. Bu, 34,8 milyon manat, yəni 99,1 faizlik azalma deməkdir. Praktiki olaraq bütün kreditor borcları ödənilmişdir. Mənfəət vergisi öhdəlikləri 2024-cü ildə 601 min manat olmuş, 2025-ci ildə isə tam ödənilərək sıfıra endirilmişdir. Digər öhdəliklər 3,1 milyon manatdan 1,3 milyon manata düşmüş, 1,7 milyon manat, yəni 56,3 faiz azalmışdır. Bütün bu azalmalar bir yerdə cəmi öhdəlikləri 38,8 milyon manatdan 1,6 milyon manata endirmiş, 37,1 milyon manat, yəni 95,7 faizlik tarixi bir azalma qeydə alınmışdır. Bu göstərici Agentliyin 2025-ci ili demək olar ki, tam borcsuz bağladığını ortaya qoyur.
Gəlir-xərc mənzərəsi isə daha mürəkkəb bir tablo təqdim edir. Agentliyin heç bir dövlət yardımı olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq, əsas xərc mənbəyi inzibati və ümumi xərclərdir. Bu xərclər 4,3 milyon manatdan 6,1 milyon manata yüksəlmiş, 1,8 milyon manat, yəni 43,2 faiz artmışdır. Bu artımın əsas hissəsi 2025-ci ildə əsas vəsaitlər üzrə köhnəlmə xərcinin kəskin artması ilə bağlıdır: 197 min manatdan 1,65 milyon manata qalxmışdır. Bundan başqa, maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 2024-cü ildə 333,9 min manat gəlir verdiyi halda, 2025-ci ildə 4,2 milyon manat zərərə çevrilmişdir. Bu dəyişiklik əsasən qiymətli kağızların cari bazar qiymətinin (ədalətli dəyərinin) azalması ilə əlaqəlidir. Nəticədə əməliyyat zərəri 3,9 milyon manatdan 10,3 milyon manata yüksəlmiş, 6,4 milyon manat, yəni 162,7 faiz artmışdır.
Maliyyə gəlirləri 12,9 milyon manatdan 6,8 milyon manata düşmüş, 6,1 milyon manat, yəni 47,3 faiz azalmışdır. Bu azalmanın başlıca səbəbi bank depozitlərinin ləğv edilməsi nəticəsində faiz gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasıdır. Cari bazar qiyməti ilə ölçülən kreditlər üzrə zərər 2024-cü ildəki 7,1 milyon manat səviyyəsindən 2,7 milyon manata enmişdir, yəni 4,4 milyon manat, 61,6 faiz yaxşılaşma qeydə alınmışdır. Endirimin (güzəştli qiymət fərqinin) silinməsi isə 2,6 milyon manatdan 7,7 milyon manata yüksəlmiş, 5,1 milyon manat, 195,6 faiz artmışdır. Bu artım qısamüddətli qiymətli kağız portfelinin yaradılması ilə bağlıdır.
Bütün bu gəlir və xərclərin birləşməsi nəticəsində vergi öncəsi mənfəət 4,4 milyon manatdan 1,5 milyon manata düşmüş, 2,9 milyon manat, yəni 66,3 faiz azalmışdır. Mənfəət vergisi xərci isə 1,7 milyon manatdan 190 min manata enmiş, 1,5 milyon manat, 89,0 faiz azalmışdır. Bu azalmanın əsas səbəbi vergiyə cəlb olunan gəlirin azalmasıdır. Son nəticədə il üzrə xalis ümumi gəlir 2,7 milyon manatdan 1,3 milyon manata enmiş, 1,4 milyon manat, yəni 51,8 faiz azalmışdır.
Pul vəsaitlərinin hərəkəti baxımından, əməliyyat fəaliyyəti üzrə xalis pul xərci 2024-cü ildəki 73,2 milyon manatdan 2025-ci ildə 58,1 milyon manata enmiş, yəni 15,1 milyon manat, 20,6 faiz yaxşılaşma əldə edilmişdir. İnvestisiya fəaliyyəti üzrə isə 2024-cü ildə 61,0 milyon manat xalis xərc olduğu halda, 2025-ci ildə 124,1 milyon manat xalis daxilolma əldə edilmişdir. Bu kəskin çevrilmənin arxasında depozitlərin geri çəkilməsi, kreditlərin ödənilməsi və qiymətli kağız portfelinin yenidən strukturlaşdırılması dayanır. Maliyyələşdirmə fəaliyyəti üzrə isə 2024-cü ildə 22,9 milyon manat xalis daxilolma olduğu halda, 2025-ci ildə 55,5 milyon manat xalis xərc qeydə alınmışdır. Bu da “MİDA” MMC-yə köçürülən vəsaitdən qaynaqlanır. Nəticədə pul vəsaitlərinin ümumi artımı 2025-ci ildə 10,5 milyon manat olmuş, il ərzindəki 110,8 milyon manatlıq azalmaya nisbətən Agentlik pul vəsaitlərini artıra bilmişdir.
Ümumi yanaşmada bildirmək olar ki, 2025-ci il Agentlik üçün maliyyə mənfəəti baxımından 2024-cü ilə nisbətən daha zəif nəticələr gətirmiş olsa da, balans strukturu baxımından sağlamlaşma ili kimi qiymətləndirilə bilər. Öhdəliklərin 95,7 faiz azaldılması, pul vəsaitlərinin artırılması, investisiya portfelinin qısamüddətli və tez nağda çevrilən alətlərə keçirilməsi Agentliyin gələcək fəaliyyəti üçün daha etibarlı maliyyə əsası yaratmışdır. Mənfəətin azalması isə əsasən struktur dəyişiklikləri zamanı yaranan keçid xərcləri və cari bazar qiyməti (ədalətli dəyər) tənzimləmələrindən irəli gəlmişdir.
Müəllif: Aynur Qəniyeva


